Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlarda 1 299 abituriyentin iştirakı nəzərdə tutulur.

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq.

Hərbi liseylərə qəbul imtahanında 1 118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına altı ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
 

.