Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub.

“Gut Microbiology” jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancıları və mikrobiota müxtəlifliyi ilə sıx bağlıdır.

Alimlər təcrübə zamanı iştirakçılara kiçik elektron kapsullar udduraraq həzm sistemindəki temperaturu, turşuluq səviyyəsini və sancıları izləyiblər.

Araşdırmanın əsas tapıntılarından biri odur ki, hər gün 1-5 fincan qəhvə içənlərin bağırsağındakı mikroorqanizmlər az qəhvə qəbul edənlərə nisbətən daha müxtəlifdir. Eyni zamanda, qəhvə istehlakı yoğun bağırsaq sancılarının sayını artırır.

Tədqiqatçı Françeska Buççi qeyd edir ki, bu sancılar düzgün həzmi dəstəkləyir, qəbizliyin qarşısını almağa və bağırsaq əzələlərini yaxşı vəziyyətdə saxlamağa kömək edir. Bununla yanaşı, müntəzəm qəhvə içənlərin nazik bağırsaqlarında turşu səviyyəsinin xeyli aşağı olduğu müəyyən edilib, lakin bunun sağlamlığa tam təsiri hələ araşdırılır.

Tədqiqat qrupunun rəhbəri Henrik Munk Rocer bildirib ki, qəhvənin bu dəyişikliklərdə əsas rol oynamasını dəstəkləyən güclü sübutlar mövcuddur və gələcəkdə birbaşa nəzarət edilən yeni təcrübələr keçiriləcək.

.