Koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir və hər gün onminlərlə insan bu xəstəliyin qurbanı olur. Sürətlə yayılmaqda olan COVİD-19 dünyanı sözün əsl mənasında səfərbər edib. Təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq, birgə səylər pandemiyaya qarşı mübarizədə hətta “soyuq müharibə” vəziyyətində olan ölkələri belə bir masa ətrafına gətirib. Hamı bu “çağırılamış qonağ”ı necə qovmağın və ondan necə xilas olmağın yollarının axtarır və son illərdə dünya tibbinə misilsiz tövhələr vermiş ölkələr də bu bəlanın qarşısında acizdir.

Koronavirusa görə əksər ölkələrdə həyat dayanıb, insanlar evlərinə qapanıblar, şəhərlər kabus halına gəlib. Hamını bir sual düşündürür: Görəsən bu böhran nə vaxt bitəcək?

Təsadüfi deyil ki, baş verənlər Azərbaycana da təsirsiz ötüşməyib və hökumətin atdığı qabaqlayıcı addımlar pandemiyanın miqyasını azaltsa da, təhlükə sovuşmayıb. Koronavirus pandemiyasının yenicə yayılmağa, daha doğrusu sərhədləri aşmağa başladığı dövrdə, fevral ayının 28-də Prezident İlham Əliyev müvafiq qərarlar qəbul edərək, önləyici tədbirlər gördü. Məhz bunun nəticəsidir ki, digər dövlətlərlə müqayisədə Azərbaycan bu prosesin ilkin mərhələsindən az itkilərlə çıxmağı bacardı. Misal üçün əhali sayına görə, Azərbaycandan təxminən üç dəfə kiçik olan qonşu Ermənistanda bu günə qədər 15 minə yaxın yolxuma olsa da, ölkəmizdə bu rəqəm 8 min civarındadır.

Heç şübhəsiz bütün bunlar təsadüfi deyil və zamanında verilmiş düzgün və düşünülmüş qərarların nəticəsidir. Bir halda ki, atılan addımlar real nəticələr verir və ölkəmizi müalicəsi mümkün olmayan xəstəliyin cəngindən alır, belə olduqda hər bir vətəndaşın borcudur ki, Azərbaycan hökumətinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına əməl etsin. Hazırki şəraitdə karantin rejimi yumşaldılsa da, bəzi vətəndaşların məsuliyyətsiz davranışları, qəbul olunan qərarlara laqeyd münasibəti, küçələrdə maskasız, ara məsafəsi gözləmədən dolaşması son günlər COVİD-19 infesiyasına yoluxanların sayını artırıb. Bütün bunlar Operativ Qərargahı yeni qərarlar qəbul etməyə və karantin qaydalarına yenidən baxmağa təhrik edir.

Əslində bizdən istənilən həftənin iki günü evdə qalmaq, özünü, doğamalarını, soydaşlarını bu bəladan qorumaqdır. Nəzərə alanda ki, həftəsonu məhdudiyyəti təkcə Azərbaycanda deyil, digər dövlətlərdə də tətbiq olunur və kifayət qədər müsbət nəticələri var, bu qaydaya riayət etməklə biz koronavirus infeksiyasının yayılma arealını azalda bilərik. Bir məqamı unutmaq lazım deyil ki, bu məhdudiyyət COVİD-19-un kökünü kəsmək yox, onun yayılma miqyasını azaltmaq məqsədi daşıyır, hər birimizin vətəndaşın borcudur ki, hamılıqla bu qaydaya riayət etsin. Nə qədər çox karantin qaydalarına əməl etsək, bir o qədər tez yenidən əvvəlki həyata qayıda biləcəyik. Bunun üçün bizdən yeganə tələb sosial məsuliyyətdir.

#evdəqal, #özünüqoru, #doğmalarınıqoru

.