İki hüquq-müdafiəçisi prezident İlham Əliyevə müraciət edib.
Emil Məmmədovun müraciətində deyilir:

"Hörmətli cənab Prezident!
Mənim 50 yaşım var. Salyan rayonunda ziyalı ailəsində böyümüşəm. 1987-2004-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm də ictimai fəaliyyətlə hüquq müdafiəçiəsi kimi məşğul olmuşam. 2007-ci ildə Sizə məktubla etdiyim səmimi müraciətdən sonra təsisçisi olduğum "Demokratiyaya yardım” İB heç bir çətinliksiz dövlət qeydiyyatına alınıb. Mən də çalışmışam ki, mənə göstərilmiş bu etimadı doğruldum.
Fəaliyyətimin əsas məqsədi regionda yaşayan insanların sosial hüquqlarının müdafiəsinə təmənnasız köməklik etmək olub. Məhz Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına olan dövlət proqramının vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ictimai iştirakçı olmaq etimadını qazanmışam. Sizin fərmanınızla həyata keçirilən Açıq Hökumət və Korrupsiyaya qarşı Mübarizə Dövlət Proqramlarının monitorinqində Heydər Əliyev Fondunun Salyanda tikib imkansız ailələrə verdiyi 85 evin paylanmasında, Salyanda Kür daşqınlarından ziyan çəkənlərə yardım etmək üçün yaradılmış RİH yanındakı komissiyada vətəndaş cəmiyyətini təmsil etmişəm. Mən hüquq müdafiəçisi olaraq öz təcrübəmdən səmimi olaraq bilirəm ki, Sizə olunan haqlı müraciət heç vaxt köməksiz buraxılmayıb. Ona görə də fəaliyyətimdə Sizi bütün hüququ pozulanların ən böyük müdafiəçisi görürəm, məhz Sizə güvənirəm.
Son günlər cəbhə xəttində xain düşmənlərimiz tərəfindən atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir.

Hörmətli cənab Prezident!
Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq Sizi Respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm".

* * *

Həsən Hüseynlinin müraciətdə deyilir:
"Son günlər erməni işğalçılarının növbəti dəfə atəşkəsi pozması və Azərbaycan ordusunun düşmənin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, sizin Ali Baş Komandan olduğunuz bu güclü ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir.
Hörmətli cənab prezident!
Sizin ali diqqətinizə çatdırmaq istəyirəm ki, vətənimizin bu taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi vermək imkanından məhrum olduğumdan dərin təəssüf hissi keçirirəm.
Digər tərəfdən, mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olub ki, bir neçə əcnəbi siyasətçi mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar veriblər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan prezidenti tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm.
Hörmətli cənab prezident!
Ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək səviyyələrə çatdırılmasında sizin əldə etdiyiniz nailiyyətlər, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya ölkələri arasında layiqli yer tutması kimi ali missiya uğrunda apardığınız yorulmaz mübarizə danılmazdır.
Hörmətli cənab prezident!
Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu kimi bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü, biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!”
.