Bu gün Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının planlaşdırma şöbəsinin baş zabiti Rövşən Məmmədli barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərarın ləğvi edilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qədim Babayev sədrlik edib. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.
"Heç bir əsaslandırma aparmadan şikayətimizi təmin etmədilər. Qanunvericilikdə qətimkan tədbiri növündə həbsin seçilməsinin hüquqi şərtləri konkret olaraq göstərilsə də hesab edirik ki, işə baxan məhkəmələr qanunvericiliyin tələblərinə riayət etmədilər. Lakin bu kateqoriya işlər üzrə apelyasiya məhkəməsi sonuncu instansiya olduğundan onun qərarından Ali Məhkəməyə şikayət vermək mümkün deyil. Bununla belə istintaq müddətində hüquqlarını müdafiə etdiyim şəxsin həbsdən azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi müdafiə vasitələrindən istifadə edəcəyik”- deyə təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyev bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər.
Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
.