Həbsdə olan vitse-admiral Şahin Sultanovun həyat yoldaşının Prezident İlham Əliyevə ünvanladığı məktubda həbslə əlaqədar "yaxşı münasibətlərdə olduğu” şəxslər sırasında yalnız "Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevlə əlaqə saxladığını deməsi araşdırmalara yol açır. "Axar.az” xəbər verir ki, vitse-admiralın həyat yoldaşı məlum müraciətində E.Pirverdiyevin onu arxayın saldığını bildirmişdi: "Etibar Pirverdiyevlə telefonla danışmışam. Mənə dedi ki, ürəyini buz kimi saxla, bizdə hər şey tər-təmizdir”. Göründüyü kimi, söhbət Bayraq Meydanının tikintisində zabitlərin köçürülməsi zamanı maliyyə yeyintilərinə yol verilməsi prosesinin istintaqın araşdırdığı barədə mediaya sızan xəbərlərin heç də təsadüfən yaranmadığını təqdiqləyir. Maraqlıdır ki, mediada Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovla "Azərenerji” sədri Etibar Pirverdiyevin yalnız bir dəfə - Bayraq Meydanı tikilərkən müştərək çalışdığı barədə məlumat var. Dövlət Bayraq Meydanının yerləşdiyi ərazidə vaxtilə 28 hərbiçi ailəsinin yaşadığı mənzillər vardı. Həmin mənzillərin sökülməsinə və orada yaşayan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin yeni mənzillə təmin olunmalarına dövlət büdcəsindən 2 milyon manat ayrılmışdı. Bayraq Meydanının inşasına Etibar Pirverdiyevə məxsus olduğu iddia olunan "Azenko” şirkəti məsuliyyət daşıyırdı və Meydanın tikintisində də hesabatı E.Pirverdiyev verirdi. Ş.Sultanovun vəkili isə Bayraq meydanı ətrafında baş verən köçürülmə prosesi ilə bağlı mənimsəmə faktlarında Şahin Sultanovun adının hallanmasına münasibət bildirib: "Orada köçürülmə çox sürətlə həyata keçirilib. Ola bilər ki, layihə çərçivəsində kimsə kimisə aldadıb. Lakin Şahin Sultanovun bu məsələdə günahı olmayıb”. "Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova Sultanovun xanımının dediklərinə münasubət bildirərkən "Axar.az”a deyib ki, bu hadisələrdən xəbərsizdir: "Mən idarənin mətbuat xidmətində çalışıram, fərd olaraq kiminsə haqqında danışmaq ixtiyarım yoxdur”. Xatırladaq ki, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
.
