Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir.

Bunu jurnalistlərə bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, İran və Qazaxıstan bu yarışa qatılmasa da, Azərbaycan və Rusiya dəniz qüvvələri pandemiya olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarş artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir.

Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Rusiyalı vitse-admiral: "Bu yarışlar bizim dostluğumuzu gücləndirəcək"

"Biz yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq. Dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib".

Bunu isə Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini, vitse-admiral Vladimir Kasatonov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, "Dəniz kuboku" yarışları hər iki ölkənin dostluq və dəniz qardaşlığının rəmzidir: "Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yarışların şərtləri ildən-ilə inkişaf edir. Hesab edirik ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək. Bu, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".

.