"Qızım bu ildən məktəbəqədərki hazırlıq qruplarından birinə gedir. Keçən dəfə müəllimi ilə söhbətləşərkən məlum oldu ki, bir neçə aydır əmək haqqı verilmir. Müəllim bunu hazırlıq qruplarının ya bağalanacağı ya da pullu olacağı ilə əlaqələndirdi. Bir valideyn olaraq bu məni narahat etməyə başladı. Bir neçə il sonra digər övladlarım məktəbə gedəcək. Belə çıxır ki, onların məktəbə hazırlığı üçün mən ödəniş etməli olacam?” - deyir valideyn Əhməd Məmmədov.
"Məktəbəqədər hazırlıq qruplarındakı müəllimlər adətən ibtidai sinif rəhbərləri arasından seçilir. Onlar dərsdən sonra həftədə 4 dəfə 4 fənn üzrə 2 saat olmaqla 25-30 uşağa dərs deyirlər. Özünüz bilirsiniz, körpələrlə işləmək heç də asan deyil. Qızımın müəllimi Nuranə xanım keçən dəfə dedi ki, artıq oktyabrdan etibarən hazırlıq qruplarında dərs deyən müəllimlərin maaşı verilmir. Nazirlik məsələnin "dondurulduğunu” deyib. Məsələnin hara gedib çıxacağı istənilən halda bütün valideynləri narahat etməyə başlayıb. Təhsilin pullu olacağını düşünmək belə bizi artıq stressə salır. Çünki qarşıda hələ iki övladım var. Təhsil hər nə qədər pulsuz olsa da məktəb xərcləri hər ailə üçün olduqca yüksəkdir. Üstəlik 3 uşaq üçün bu xərclər olduqca çox olur”.
2010-cu ilin sentyabrından etibarən prezidentin fərmanına uyğun olaraq məktəbə gedəcək olan birincilər ilk öncə məktəbə hazırlıq proqramı keçirlər. "Məktəbə hazırlığın təşkili” qaydalarına əsaəsn uşaqlar həm fiziki, həm psixoloji, həm sosial, həm də intellektual cəhətdən məktəbə hazırlanmalıdırlar.
Hələ tədris ili başlamazdan öncə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov mətbuata açıqlamasında Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları açılacağını bildirmişdi. Tədris ili başladıqdan sonra bu quruplar artıq uşaqları qəbul etməyə başlayıb. Aydın Əhmədov bildirmişdi ki, Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” qərarında nəzərdə tutulduğu kimi bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək. Onun sözlərinə görə, hədəf 2020-ci ilə qədər uşaqların məktəbə hazırlıqla əhatə dairəsini 90 faizə çatdırmaqdır. Bunun vaxtında verilən qərar olduğunu deyən şöbə müdiri qeyd edib ki, bu proses təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək: "Çünki qərar ibtidai təhsilə yönəlib və məktəbə hazırlığın təşkili ibtidai təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, təhsil qanunu da əsas prinsiplərindən biri kimi ibtidai təhsildə uşaqların bərabər şəraitdə təhsil almasına şərait yaradır. Bununla bağlı işlər görüləcək və müəyyən təşkilatı işlər aparılacaq”.
A.Əhmədov bu qərarın ilk olaraq 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacağını da demişdi. Bununla bağlı statistik göstəricilərin olduğunu deyən şöbə müdirinin sözlərinə görə, rayonlara müəyyən tapşırıqlar verilib və ilk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib: "Ortaya çıxan suallardan biri də ondan ibarətdir ki, bu məktəbəqədər müəssisələr məktəbə hazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək. Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbə hazırlıq qrupları şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq".

Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, əməkhaqlarının gecikməsinə Təhsil Nazirliyi aydınlıq gətirməlidir. O ki, qaldı hazırlıq qruplarının pullu olması məsələsinə, ekspert deyir ki, bu tədris pullu ola bilməz. «Məsələnin digəri tərəfi isə hazırlıq qruplarının lazımlı olub olmamasıdır. Bu artıq təhsilə dair prezident tərəfindən təsdiq olunmuş strategiyanın tələbindən irəli gələn bir vəzifədir. Yəni, strategiyada bir mənalı şəkildə göstərilir ki, uşaqların məktəbə qədərə hazırlıq məsələsi kəndlərdə, şəhərlərdə müxtəlif rəqəmlərlə ifadə olunur. Hazırda məktəbəqədər təhsilin məktəbəqədər müəssisələrdə 15-16 faiz əhatə olunduğu bildirilir. Strategiyada müəyyən hədəflər müəyyənləşdirilib. Açıq göstərilir ki, məktəbəqədər hazırlığın illik icbari olması və 2020-ci ilə qədər 90 faizə qədər çatdırılması nəzərdə tutulub”.
N.İsrafilovun sözlərinə görə, məktəbəqədər təhsilin 90 faizə çatdırılması üçün məktəbəqədər təhsil müəssisələrinin belə bir imkanları yoxdur: "Sabiq təhsil naziri Misir Mərdanovun dönəmində 300-ə qədər məktəbəqədər təhsil müəssisi öz təyinatından çıxarılaraq yerində şadlıq evi, və s. müəssisələr açıldı. Bir qismi də özəlləşdirildi. Ona görə də defisit yarandı. Məhz bu səbəbdən məktəbəqədər hazırlıq bağçalarla yanaşı, məktəblərdə də həyata keçirildi. Ona görə də bu məsələ ciddi müzakirə obyektidir. Məktəbəqədər təhsil haqqında qanun layihəsi hazırlanıb. Yəqin ki, Milli Məclisin növbəti iclaslarında təsdiq olunacaq. Mən hesab etmirəm ki, məktəbəqədər hazırlıq qrupları pullu olmalıdır. Əgər birdən belə bir qərar olsa, strategiyanın 90 faizlik hədəfi həll oluna bilməz. Hazırda əhalinin maddi durumu pullu təhsilə imkan vermir. Pullu olacağı halda böyük kütlə uşağını məktəbəqədər hazırlıq kurslarına göndərə bilməyəcək. Belə olduqda strategiyanın vəzifələri həyata keçməyəcək”.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ ilə bağlı yazılı sorğumuza qısa müddətdə cavab veriləcək.
.
