Nikahın qeydə alınmasına və pozulmasına görə olan rüsumlar artırılır

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün tətbiq edilən rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişir

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılıb.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gələn ildən xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün –40 manatdan 55 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır.
Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.
Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata
Beş iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata
Bir iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün – 50 manatdan 65 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;
- on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata;
Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:
- on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)
- üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)
- bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu).
Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.
- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata,
- Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata;
- Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata;
- Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar dəyişir

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılacaq.
Qanuna yeni – 33.1-1 və 33.1-2-ci maddələr əlavə edilib. Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək.
Həmçinin dəyişikliyə əsasən, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gələn ildən sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə rüsumlar artırılır

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. əvvəl bu rəqəm 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

- avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimi artırılır:
- 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün:
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 –
- müxtəlif seriya: 1000 manatdan 1500 manata,
- eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 –
- müxtəlif seriya: 500 manatdan 1000 manata,
- eyni seriya: 1000manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək. Əvvəl bu rəqəm 22 manat idi.
Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 11 manatdan 15 manata qaldırılır.
Layihəyə əsasən, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır.
- avto-moto nəqliyyat vasitələri üçün - 25 manatdan 30 manata;
- traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manatdan 10 manata qaldırılır.
Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 10 manatdan 15 manata, avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması – 10 manatdan 15 manata, avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün rüsumlar 10 manatdan 15 manata qaldırılır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

.