Aprelin 1-dən Azərbaycan ərazisində Avro-4 ekoloji normaları tətbiq ediləcək.
Yenizaman.az xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bu gün keçirilən mətbuat konfransında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar, 2014-cü il tarixli 2 saylı qərarına əsasən 1 aprel, 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək: "Azərbaycanın müşahidə olunan sürətli inkişafını nəzərə alaraq ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə Avro 4 standartı mühüm rol oynayacaq. Avro 4 standartının 1 aprel, 2014-cü il tarixindən tətbiqi ilə bağlı artıq müvafiq qurumlar səlahiyyətlərinə uyğun işlərə başlayıb. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında qüvvədə olan AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına əsasən ekoloji sinif - nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edən təsnifat kodu hesab olunur. Konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Standartın tələblərinə uyğun olaraq 1 aprel, 2014-cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:
Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və s.) - 2005-ci ildən
ABŞ - 2004-cü ildən
Yaponiya - 2011-ci ildən
Çin - 2011-ci ildən
Koreya - 2006-cı ildən
Türkiyə - 2009-cu ildən.
.
