Bakıda hakimi döyməkdə ittiham edilən sürücü barəsində həbs-qətimkan tədbiri seçilib. Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanovun APA-ya verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə "Azpetrol LTD” MMC- nin sürücüsü İlqar Paşayev arasında mübahisə yaranıb. Mübahisə nəticəsində İ. Paşayev Rauf Əliyevə xəsarət yetirib.
İ. Paşayevə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi illə ittiham edilərək, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Rauf Əliyev APA-ya açıqlamasında bildirib ki, Kütləvi İnformasiya vasitələrində barəsində yazılan məlumatların əsassız olduğunu bildirib: "Həmin məlumatların heç bir əsası yoxdur. Hazırda həmin faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. İstintaq müddətində mənim danışmağım düzgün olmaz”. Qeyd edək ki, "Bizim yol” qəzeti Rauf Əliyevin "Azpetrol LTD” MMC- nin sürücüsü İlqar Paşayevi döyməsi barədə məlumat yayıb.
***
Bir neçə gün əvvəl Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşları gəlib, sürücü həbs edilib.
"Qafqazinfo” xəbər verir ki, hüquq mühafizə orqanlarındakı etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə, hadisəyə səbəb R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub: «Qaydanı pozmasına baxmayaraq hakim avtomobildən düşərək sürücünü söyməyə başlayıb və sonra onu vurub. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək İdarəyə gətiriblər. Burada onu barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir».
Mənbə bildirib ki, baş verən olay yaxınlıqdakı nəzarət kamerası tərəfindən qeydə alınıb. Qeydlərə baxış keçirilərkən davaya hakim Rauf Əliyevin təşəbbüs etdiyi əksini tapıb. Qaynaq daha sonra bildirib ki, hazırda iş Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov tərəfindən araşdırılır. «Müstəntiq işə qərəzlə yanaşır, yuxarıda bəhs olunan videogörüntüləri gizlədir, sürücü İlqar Paşayevin əlində heç bir əşya olmadığı halda CM-ninin 221.3-cü maddəsi ilə cinayət işinə başlayıb. Rauf Əliyev öz hakim səlahiyyətindən istifadə etməklə sürücünü tutdurmaq istəyir. Müstəntiq Elşən Zamanov da işi bu istiqamətdə aparır»deyə mənbə vurğulayıb.
.
