Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin milli təhlükəsizlik məsələlərində heç bir güzəştə getməyəcəyini bildirib.
Nazir bu fikirləri İrandan buraxıldığı bildirilən və Türkiyə hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı insidentləri şərh edərkən səsləndirib.
“Bizim sülh və sabitliyin təmin olunması istiqamətində səmimi səylərimiz, göstərdiyimiz anlayış və konstruktiv yanaşma heç bir halda milli təhlükəsizlik məsələlərində güzəştə gedəcəyimiz anlamına gəlmir. Bildiyiniz kimi, dünən ölkəmizə doğru yönələn daha bir raket havada zərərsizləşdirildi”, – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, bu ciddi insidentlə bağlı Türkiyə tərəfi İranlı həmkarları ilə birbaşa təmasdadır.
İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların İran tərəfindən təkzib edildiyini bildirib.
Nazir bu məsələni İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirə etdiyini, lakin bəzi ziddiyyətli məqamların mövcud olduğunu qeyd edib.
“İranlı həmkarımla telefon danışığımız oldu. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir, lakin İran tərəfi belə bir hücumun baş vermədiyini bildirir. Müəyyən texniki məlumatlar var. Bu ziddiyyətlər həm diplomatik, həm də hərbi kanallar vasitəsilə müzakirə olunur”, – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, Türkiyənin əsas prioriteti müharibənin daha da genişlənməsinin və regiona yayılmasının qarşısını almaqdır.
.
