Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Meyniman kəndi ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.
Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bundan əlavə, həmin kənd ərazisində davam etdirilən nəzarət tədbirləri zamanı daha bir nəfər sakininin də eyni qayda pozuntusuna yol verdiyi müəyyən edilib. Həmin şəxs barəsində də inzibati qaydada tədbirlər görülüb.
.