Gürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunvericilik paketini birinci oxunuşda təsdiqləyib.

“Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər 83 səslə yekdilliklə qəbul edilib.
Təklif edilən dəyişikliklərə əsasən, siyasi partiyanın bəyan etdiyi məqsədləri, əsas fəaliyyəti və rəhbərliyi əvvəllər məhkəmə tərəfindən qadağan edilmiş partiya ilə oxşar olduğu halda Konstitusiya Məhkəməsi onu qadağan edə bilər.

Hazırkı qanunvericiliyə əsasən Konstitusiya Məhkəməsi məqsədi Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək, ölkənin müstəqilliyinə qəsd etmək, ərazi bütövlüyünü pozmaq olan, yaxud müharibə və ya zorakılıq təbliğatı ilə məşğul olan, dini, sosial və ya etnik təxribat yaradan partiyanı qadağan edə bilər. Həmin partiyaların fəaliyyətinə yenidən təşkil və ya özünü ləğv etmə əsasında da xitam verilə bilər.

Qanunvericiliyə əsasən qadağan edilmiş və ya özünü ləğv etmiş partiyanın əmlakı dövlət xəzinəsinə keçməlidir.

.