Gürcüstan altılıq platforması təşəbbüsündə iştirak edə bilməyəcək.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı deyib.

O bildirib ki, məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirib.

“Son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı mənim türkiyəli tərəfdaşlar, həmçinin azərbaycanlı və ermənistanlı həmkarlarımla görüşüm olub. İran xarici işlər nazirinin Gürcüstana səfəri zamanı da biz bu məsələni müzakirə etdik. Biz bu layihədə iştirak edə bilməyəcəyik. Bu, geosiyasi layihədir. Amma Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi hansısa toplantıda və ya qrupda iştirak etməyəcək. Mən bu fikirləri Türkiyə, eləcə də Ermənistan tərəfi ilə görüşlərim zamanı kifayət qədər ucadan səsləndirmişəm”,- deyə D. Zalkaliani bildirib.

.