“Gəncədə dağıntılar baş verən ərazidə gördüklərimiz çox məyusedicidir. Törədilən qəddarlıqlara görə çox təəssüfləndik”.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında gürcüstanlı psixoloq və təlimatçı Yekaterina Kipiani bildirib.

Gürcüstanın elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin tərkibində Gəncədə səfərdə olan Y.Kipiani Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkdikdən sonra təssüratlarını bölüşüb.

O deyib: “İstərdik ki, dünyanın heç bir yanında belə hadisələr baş verməsin, uşaqlar ölməsin, sərhədlər daim təhlükəsiz olsun. Bütün dünyaya, eləcə də Azərbaycana sülh arzulayıram. Ümid edirəm, belə hadisələr bir daha Azərbaycanın başına gəlməyəcək”.

Qeyd edək ki, Gürcüstanın 21 nəfər elm, mədəniyyət və incəsənət xadimindən ibarət nümayəndə heyəti Gəncədə səfərdədir. Onlar Ağdam şəhərinə də səfər edəcəklər.

.