
Bu ilin aprelində baş rollardan birində müğənni Günay İbrahimlinin çəkildiyi "Sadəcə sev" filmi təqdim olunmuşdu.
Axşam.az xəbər verir ki, ssenari müəllifi Elçin Muradov, rejissoru Sain Qəhrəman olan ekran işi plaqiat imiş. Belə ki, "Sadəcə sev"in mövzusu 2004-cü ildə çəkilən, ABŞ və İngiltərə istehsalı olan "İf only" ("Əgər...") filmindən götürülüb.
"Sadəcə sev"in ssennarisinə görə, G.İbrahimlinin qəhrəmanı avtomobil qəzasında öldükdən sonra sevgilisi (aktyor Cövdət Şükürov) hadisənin sabahısı günü evində yenidən onu görüb şoka düşür. Oğlana məlum olur ki, sevgilisi ilə yenidən şans qazanıb. O, heç bir şeydən xəbəri olmayan qızla gününü yaxşı keçirməyə çalışır. Günün sonunda isə restorandan çıxaraq taksiyə minirlər və yenidən avtomobil qəzası keçirirlər. Növbəti səhnədə xəstəxanada qızın rəfiqəsi göstərilir və məlum olur ki, bu dəfə oğlan ölüb.
Baş rollarında Cennifer Lav Hyuit və Pol Nikolsun çəkildiyi "Əgər..." filmində də eyni hadisələr baş verir: avtomobil qəzası, ikinci şans, restoran, taksi, yenidən qəza və oğlanın ölümü. Hətta hər iki filmdə taksi sürücüsünün müəmmalı davranışı, sonda xəstəxanada qızın rəfiqəsinin ağlaması və digər kiçik nüanslar da eynidir.
Bu üsul türk filmlərində olsa da, onlar filmin hansısa xarici filmin ssenarisinə uyğunlaşdırıldığını və ya remeyk (yenidən çəkiliş) olduğunu qeyd edirlər.