Özbəkistan prezidentinin qızının "Twitter” bloqunu bütün dünya izləyir; atasının rejimi ilə təkbaşına döyüşə girən "Ququş”un axırı necə olacaq...

Özbəkistanın hakim ailəsində baş verənlər bütün dünyanın diqqət mərkəzindədir.
Prezident İslam Kərimovun qızı, atasının qəzəbinə tuş gələndən sonra bütün biznesi əlindən alınan, bütün yaxın çevrəsi həbs olunan Gülnarə Kərimova hazırda bu Orta Asiya respublikasında hökm sürən və dünyanın ən qəddar rejimlərindən biri sayılan sistemə qarşı təkbaşına döyüşməkdədir.
G.Kərimova "Twitter” üzərindən atasının rejimi barədə bir-birinin ardınca ifşaedici məlumatlar açıqlamaqdadır.
Xəbər verildiyi kimi, noyabrın 20-də axşam G.Kərimova polis idarəsində olduğu barədə "tvit” yazıb. Bu "tvit” həbs növbəsinin prezidentinin qızına çatdığı barədə xəbərlərə səbəb olub. Daha sonra G.Kərimova yazıb ki, saxlanılmayıb və polis idarəsinə həbs olunan gənc fəalları azad edə bilmək üçün gedibmiş.
G.Kərimovanın "Gələcəyin səsi” adlı gənclər hərəkatının üzvlərindən cəmi birinin polis idarəsindən buraxılmasına nail ola bilib. Qalan 9 nəfər Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb. Onlara amansız işgəncələr verildiyi təxmin edilir.
"Gələcəyin səsi” adlı gənclər təşkilatı G.Kərimovaya bağlıdır. Bundan əvvəl xüsusi xidmət orqanları G.Kərimova ilə vətəndaş nikahında olan R.Madumarovu, prezidentin qızının şəxsi mühafizə xidmətinin rəisini, mühafizəçilərini, mətbuat katibini, biznes ortağı olan xalası oğlunu və digər çoxsaylı adamlarını tutublar.
G.Kərimova isə bu həbslərə cavab olaraq atasının rejimini ifşa edən kompromatlar yayır. Hazırda onun "Twitter” bloqu Özbəkistanın əsas informasiya agentliyi rolundadır.
Virtualaz.org Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, bu günlərdə G.Kərimova atasının rejimini ifşa edən daha bir kompromat açıqlayıb. Bu dəfə o, İslam Kərimovun əlçatmaz hesab olunan şəxsi mühafizə xidmətinin rəisini və əməkdaşlarını ifşa edib.
G.Kərimovanın yazdığına görə, atasının mühafizə xidmətində əyyaşlıq, əxlaqsızlıq, işgəncələr, yüksək rütbəli şəxslərin tabeçiliklərində olanlara işgəncə verməsi və məcburən seksual orgiyalara cəlb etməsi adi haldır. O, prezidentin cangüdənlərinin bu kimi işlərlə məşğul olduğunu təsdiqləyən sənədlərə istinad edir.
G.Kərimovanın yazdığına görə, prezidentin mühafizə xidmətinin rəisinin keçmiş müavini, polkovnik Umarov iş adamlarına qarşı reketçiliklə məşğuldur, müqavimət göstərməyə çalışanlar isə daha ağır cəzalanır. G.Kərimova ona qarşı başladılmış kampaniyanın arxasında həm prezidentin mühafizə xidmətinin, həm də Milli Təhlükəsizlik Xidmətinin dayandığını yazır.
Prezidentin qızının yazdığına görə, polkovnik Umarov yığdığı pullarla Riqadakı malikanəsində kef edir, onun bir saat ərzində kazinoda 300 min dollar uduzduğunu bildirir. G.Kərimovanın bu "tvit”ləri KİV-lərə düşdükdən sonra o, yazdıqlarını pozub.
Ekspertlərin qənaətinə görə, bu Orta Asiya respublikasının hakim ailəsində baş verənlər hakimiyyət uğrunda mübarizənin kritik fazaya daxil olduğunu, MTX-in rəhbəri Rüstəm İnoyatovun hakimiyyəti ələ almaq üçün hərəkətə keçdiyini göstərir.
Bir vaxtlar atasının varisi hesab olunan G.Kərimova isə İslam Kərimovun rejiminə qarşı mübarizə çevrilməkdədir. Doğrudur, onun ətrafındakı halqa getdikcə daralır və əgər Gülnarə ifşalarını davam etdirsə, onu susdurmağın yolunu tapacaqlar.

***

Gülnarə Kərimovanın özünün yaydığı ən son məlumata görə, o, özü azadlıqdadır, amma onun komandasının bütün üzvləri Özbəkistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
G.Kərimova onu d bildirib ki, həbs edilənlər "Gələcəyin səsi” adlı özbək gənclər hərəkatının fəallarıdır. Özbəkistan prezidentinin qızı rusiyalı jurnalist Olqa Romanovanın "Siz həbs olunmusunuzmu” sualına belə cavab verib: "Yooox. Mən polis idarəsinə həbs edilən tələbələrin dalınca getmişdim”.

***
02:05

G.Kərimovanın daha bir "tvit”i: "Hamını qorxuya salmaq, ölkədən qovmaq və ya kütbeyincəsinə dörd divar arasında saxlamaq üçündür!! Bu hara aparır?! Ancaq partlayışa və qarşıdurmaya!”

***

01:35

Son məlumata görə G.Kərimova polis bölməsindən buraxılıb, ancaq onun tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb.
G.Kərimova özü bu barədə "tvit” göndərib. Ehtimal olunur ki, prezidentin qızına növbəti dəfə bu yolla xəbərdarlıq ediblər ki, özünü yığışdırmasa onu da MTX-in zirzəmisi gözləyir...

***

01:25

Gülnarə Kərimovadan daha bir "tvit”: "Bir çox dostlar və tərəfdarlar həbs olunublar. Hamını terrorçuluq maddəsi ilə ittiham edirlər. Qaragöz Evelinanın arxasınca mülki geyimli adamlar gəlib, onu polis məntəqəsinə aparıblar, deyiblər ki, "dövlət əleyhinə olan, qadağan edilmiş saytlara” girirmiş, elə buna görə!!! Deyiblər ki, qayıt pasportla birgə rayon polis şöbəsinə gəl. Sonra dalınca gediblər, evdən sürüyüb çıxarıblar, kompüterlərini və s. müsadirə ediblər. Bu gün Qaniyev Şoxrux-Daşkənd Tibb İnstitutunun tələbəsi də öz evindən yoxa çıxıb, və fəallardan Kelajak Ovozi, tələbələrin treneri, Biz bir komandayıq! Mənzillərindən oğurlayıblar! Bunu eyni vaxtda 10-dan çox ünvanda ediblər Ən Məşhur və Talantlı Gələcəkçiləri.”

***

01:20

Gülnarədən yeni "tvit": "Karakoz Evelinanı və Qqaniyev Şoxruxu Milli Təhlükəsizlik Xidmətinə-MTX-yə apardılar! Sahə müvəkilləri, rayon polis idarəsi, şəhər polis idarəsi, bütün bunlar gözdən pərdə asmaq üçündür..."

***

01:05

Virtualaz.org saytı Gülnarə Kərimovanın həbsi ilə bağlı yeni təfərrüatlar əldə edib.
Məlum olub ki, Özbəkistan prezidentinin qızını bu axşam evindən qəfil aparıblar. Həbs olunmazdan əvvəl o "Twitter” bloqunda kəskin məzmunlu iki mesaj göndərə bilib.
Gülnarə Kərimova yazır: "Ağlını və ürəyini itirməyən hər kəsə! Gəncləri sındırmaq olmaz!!!! Sizin gələcəyinizin üstündən xətt çəkirlər! Axı indi 1938-ci il deyil ki, gecə yarısı evdən sakitcə aparalar!”

***

01:02

Prezidentin qızının digər "tvit”ində belə yazılır: "Doğrudanmı hökumət dağılır??? Hakimiyyət haradadır? Hanı qanunlar? Hhanı məsuliyyət? Bu, oyuncaq deyil! Həyat bundan ibarətdir”.

***

Aldığımız son məlumata görə Gülnarə Kərimovanın twitter səhifəsi söndürülüb və onun sonrakı taleyindən heç bir xəbər yoxdur.

***

Bu dəqiqələrdə Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin həbs olunduğu və Daşkənddəki polis bölmələrindən birinə aparıldığı məlum olub.
Virtualaz.org saytı məlumatı Orta Asiya qaynaqlarından əldə edib. Məlum olub ki, həbsi barədə xəbəri az əvvəl G.Kərimovanın özü "Twitter” bloqunda yazıb.
"Mən rayon daxili işlər şöbəsindəyəm. Ən maraqlısı odur ki, indi mənim lentimə Rusiyadan, Qazaxıstandan dəstək mesajları yazırlar... zbəkistan isə həmişəki kimi susur” - deyə G.Kərimova Bakı vaxtı ilə saat 22.55-də göndərdiyi "tvit”ində yazıb.
Prezidentin qızının hansı polis bölməsinə aparıldığı və onun saxlanılmasının rəsmi səbəbləri barədə məlumat yoxdur.
Özbəkistanın hakim ailəsi daxilində baş verən çəkişmələr barədə geniş yazılıb. Qeyd edək ki, G.Kərimova atasının əmri ilə təcrid olunduqdan və biznesi əlindən alındıqdan sonra o, "Twitter”də fəallaşıb. Özbəkistanın xüsusi xidmət orqanının rəhbərini hakimiyyəti ələ keçirmək cəhdlərindən, zəhərlənməsindən, işgəncələrdən və s. bəhs edib.
Bundan əvvəlki sonuncu "tvit”ində G.Kərimova yazmışdı ki, artıq danışmaq istəmir və ölkədən getməyə çalışır./virtualaz.org/
.