Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovaya hökm oxunub.
Hökmə əsasən, G. Əhmədovanın təqsiri məhkəmə zamanı təsdiqini tapıb. Onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Məhkəmə hökm çıxararkən onun ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd olunub ki, onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi, yəni aşağı həddən də az cəza təyin olunması tətbiq olunub. G. Əhmədova ittiham olunduğu 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası qismən toplanma yolu ilə 3 il müddətinə cəza kimi təyin olunub.

***
11:20

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədova son söz deyib.
O, cinayət işinin materiallarına Sevinc Babayevanın ona yazdığı yeddi mesajın, Elşad Abdullayevdən zərərçəkən şəxslərin hazırladığı video materialların daxil edilmədiyini bildirib: "Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığı da cinayət işinə əlavə edilməyib. Həmin danışıqda Elşad Abdullayev Sevinc Babayevaya deyib ki, pulu Gülərə yox, Sevincə verib. Bunlar vaxtında araşdırılsaydı, mən həbsdə oturmazdım. Elşad Abdullayev böyük yalan danışır. Elşad deyir ki, etibarından sui-istifadə edib, pulunu alıblar. Hansı etibardan söhbət gedir? Elşadla qohumluğumuz yoxdur. Bu adam heç öz qayınatasına etibar etmir. Onun universitetində deputatlar dərs deyirdi. Birindən soruşardı ki, Gülər bu işlə məşğul olur, yoxsa yox? Elşad mənə zəng edib desəydi ki, "səndə mənim pulum var”, bunu yazıb internetə verərdi. Bu adam çox yaxın olduğu Sevinclə danışdığı hər şeyi çəkib internetə qoyub. Sevinc məni aldadıb Türkiyəyə gedib. O, Türkiyəyə gedəndə mənə bildirdi ki, Elşadgildən qorxur. Sonradan bildim ki, Sevinc Elşadla olan videoda aktrisalıq edib. Bundan sonra ondan tələb elədim ki, Azərbaycana qayıtsın. Mən normal Azərbaycan qadını kimi hərəkət etdim”.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
.