Bakı "koma" vəziyyətində qalmaqda davam edir. 3-4 saatdan çoxdur "20 Yanvar” dairəsindən Sulutəpə qəsəbəsinə qədər bütün yollarda tıxac yaranıb. Yolda qalan vətəndaşların Yenizaman.az-a verdiyi məlumata görə, maşınlar ümumiyyətlə tərpənmir. İnsanlar avtobuslardan düşərək, qarda, çovğunda evlərinə piyada gedir. Sürücülər bu vəziyyətin səhərə qədər davam edəcəyindən ehtiyatlanırlar. Vəziyyətin nizamlanması üçün heç bir tədbir görülmür. Dövlət qurumlarının əməkdaşları gözə dəymir.
"Şamaxinka” dairəsindən "Memar Əcəmi” stansiyası istiqamətində də nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Sumqayıt-Novxanı yolunda da vəziyyət kritik həddədir. İnsanlar köməksiz vəziyyətdə minik avtomobilində qalıbar. Ehtimal olunur ki, don vurmadan ölənlər olsun. Həmin əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları səfərbər edilib. Rəsmi məlumatlara görə, hal hazırda 3 nəfər xilas edilib. Lakin buma baxmayaraq Sumqayıt-Novxanı və Balaxanı-Zabrat yollarında yüzlərlə avtomobil hərəkətsiz vəziyyətdə qalıblar. İnsanalar minik avtomobillərində oturub kömək gözləyirlər.
***
Bakıya yağan güclü qar fəsadlar yaradıb. Belə demək olarsa Azərbaycanın paytaxtı dünün gecə saatlarında "koma" vəziyyətindədir. Baxmayaraq ki, "Azəryolservis" ASC Bakının qara hazır olduğunu demişdi. Yeniaman.az xəbər verir ki, Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.
Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru qayıtmağa məcbur olublar. Bəzi sürücülər yollarda avtomobillərini qoyaraq evə piyada gediblər.
Qeyd edək ki, yanvarın 30-u günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovğun olacaq, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq. Eyni hava şəraiti rayonlarda da hökm sürəcək.
