Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası keçirilib. İclasa GUAM üzvü olan ölkələrin - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyətləri qatılıb. DGK -dan verilən məlumata görə, DGK sədri Aydın Əliyev son illər Azərbaycan gömrük xidmətində görülən işlərbarədə məlumat verib və gömrük sahəsində əməkdaşlıq münasibətlərinə toxunaraq vurğulayıb ki, ticarətin asanlaşdırılması qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən asılıdır. Hər bir ölkə arasında gömrük əlaqələrinin genişlənməsi həm iqtisadi, həm də siyasi əlaqələrin möhkəmlənməsi deməkdir. DGK sədri Bakıda ilk Avropa Oyunlarının uğurlu təşkilindən sonra GUAM tədbirinin keçirilməsinin də qürurverici olduğunu bildirib və bunu üzv ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafı yolunda irəliyə doğru daha bir addım sayıb. GUAM-ın baş katibi Valeri Çeçelaşvili əmin olduğunu bildirib ki, təşkilatın növbəti iclası və ümumiyyətlə, Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə məsələlərin həlli üzv ölkələrin müvafiq orqanları arasında əlaqələrin daha səmərəli və qarşılıqlı fayda əsasında inkişafına xidmət edəcək. Baş katib bu yaxınlarda Azərbaycanda keçirilən I Avropa Oyunlarının əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, artıq Azərbaycan təkcə GUAM üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli dövlətə çevrilib. İclasın sonunda tədbirin yekunları müzakirə edilərək GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclasının Protokolu təsdiqlənib.Tədbir başa çatdıqdan sonra isə GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında bu ölkələrin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol imzalanıb.
.