Goranboy rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “N” saylı Hərbi Hissədə keçirilən tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid ailələri, qazilər və ictimai fəalların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə danışaraq, bu şanlı qələbə münasibətilə bir daha bütün zabit və əsgərlərimizə, Vətən müharibəsinin iştirakçılarına təbriklərini bildiriblər, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında verilmiş medallar şəhid ailələrinə və qazilərimizə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Milli İrs Siyahısına salınan və Azərbaycan xanımının şərəf və namus simvolu kimi dəyərləndirilən kəlağayı şəhid analarına və xanımlarına təqdim edilib. Həmçinin N saylı hərbi hissənin 6 əməkdaşına Fəxri fərmanlar və qol saatları təqdim olunub.

.