Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Yeni Veysli qəsəbəsindəki mağazada oğurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq vətəndaşa məxsus mağazaya daxil olaraq oğurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakinləri Elnur Abuzərov və Fərid Alızadə saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurlamaları məlum olub.
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
.