
Goranboyun Qaradağlı kəndində qətl hadisəsi baş verib.
Goranboy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.
Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir (APA).
Xatırladaq ki, bundan əvvəl də Goranboyda dəhşətli qətl hadisəsi olmuşdu. Belə ki, rayonun Səfikürd kəndində bir ailənin 7 üzvü güllələnərək qətlə yetirilmişdi.
Həmin hadisə oktyabrın 1-də saat 05:00 radələrində Səfikürd kəndində qeydə alınmışdı. Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirmişdi. R.Hüseynov daha sonra könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gedərək hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil vermişdi.
Bundan sonra - noyabrın 3-də isə onun öz ailəsində də dəhşət yaşanmışdı. Belə ki, 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar etmiş, bu mənzərəni görən A.Hüseynovun atası Müzəffər Hüseynov infarkt keçirərək ölmüşdü.
.