Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.

Bunu ölkənin Baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində deyib.

O, hakimiyyətin danışıqlara hər zaman açıq olduğunu bildirib: “Gürcüstan seçiciləri doqquz partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da vəzifə qoyublar: ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq. Hakim qüvvənin məsuliyyəti ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və ölkəni böhrandan çıxarsın”.

Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu qeyd edib: “Onlar lazımı qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir”.

Qeyd edək ki, oktyabrın 31-də qonşu ölkədə keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirirlər.

.