
Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun anası Gülnaz Lətifova ölkə başçısı İlham Əliyevə müraciət edib. Gülnaz Lətifova müraciətin bir surətini də KİV-lərə, o cümlədən "Novoye Vremya" qəzetinə ünvanlayıb.
Gülnaz Lətifova yazır: "Cənab prezident, oğlum Asif Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin "Betta" dəstəsində çalışıb. Baş leytenantdır. Çalışdığı müddətdə dəfələrlə fəxri fərmanlara, ordenlərə layiq görülüb. İşində hər hansı nöqsan aşkar olunmayıb. Hətta 2010-cu ildə qüsursuz xidmətinə görə təltif olunub. Lakin 2011-ci ildə heç bir əsas olmadan işdən çıxarılıb. Oğlum haqsız yerə işdən çıxarılmağı ilə barışmayıb. İşinə bərpa olunaraq yenidən dövlətə sədaqətlə xidmət etmək üçün mübarizə aparıb. Dəfələrlə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundova müraciət edib. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb. Qeyd edim ki, Vaqif Axundov Asifi xidmətə uyğunsuzluq maddəsi ilə işdən çıxarıb. Bu baxımdan oğlum digər qurumlarda işə düzələ bilməyib.
Oğlum çarəsiz qalaraq Vaqif Axundovun ona qarşı etdiyi haqsızlığı ictimailəşdirib. Bununla da generalın hədəfinə gəlib. Vaqif Axundov onu şərləyərək həbs etdirib. Təsəvvür edin, Asif 2011-ci ildə patron tapıb, bunu idarənin inspeksiyasına təqdim edib. Vaqif Axundov isə bunu "Asifin patron oğurlaması", "silah-sursat" saxlaması kimi düzüb-qoşub. 2012-ci ildə Vaqif Axundovun sifarişilə Hərbi Məhkəmə Asifi 5 il 6 ay azadlıqdan məhrum edib. Təsəvvür edirsiniz, heç bir təqsiri olmayan adam bir generalın kaprizləri üzündən 5 il 6 ay azadlıqdan məhrum edilir. Sonradan Ali Məhkəmə bu müddəti 1 il azaldıb.
Artıq 3 ilə yaxındır ki, Asif həbsdədir. O cinayətkar olsaydı, həbsxanada da bu özünü biruzə verərdi. Amma araşdırın, baxın bu 3 ildə Asif hansısa qanunu pozubmu?
Cənab prezident, mənim oğlum heç bir cinayət törətməyib. Bunun araşdırıb həqiqəti üzə çıxarmaq o qədər də çətin deyil. Mətbuatda bu barədə çoxsaylı məqalələr dərc olunub.
Cənab prezident, mən sizə bir ana kimi müraciət edirəm. Mənim oğlum atanızın və sizin mühafizə işini həyata keçirənlərdən biri olub. Kimlərsə, şəxsi maraqları naminə onu şərləyərək həbs etdirib. Sizdən xahiş edirəm ki, əfv sərəncamı imzalayanda mənim bu müraciətimi nəzərə alasınız".