Çin lideri Si Tszinpinin ölkədə korrupsiyaya qarşı başlatdığı mübarizə çərçivəsində daha bir iri korrupsioner həbs olunub.
Bu barədə Britaniyanın "The Financial Times” qəzeti Çin ordusunun ən qüdrətli generallarından biri Syuy Tsayhounun Pekindəki iqamətgahında hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış zamanı tapılan pulu daşımaq üçün 12 yük maşınının lazım olduğunu yazır.
Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları generalın evində axtarış apararkən o qədər çox nağd pul və qiymətli daş-qaş tapıblar ki, onları sənədləşdirmək üçün düz bir həftə vaxt lazım olub. Pulları və qiymətli daş-qaşı evdən 12 yük maşını ilə daşımaq lazım gəlib.
Pullar generalın evində səliqə ilə qutulara qablaşdırılıb və onların hər birinin üzərində həmin pulu yeni rütbə almaq üçün generala verən hərbçinin adı yazılıbmış. Araşdırmaya yaxın olan mənbə qəzetə bildirib ki, hərəsində bir neçə milyon yuan olan həmin qutuların çoxunu hələ də açmağa vaxt çatmayıb.
Məlumata görə, generalın evində axtarış bu ilin martında aparılıb, ancaq onun evindən ağlasığmaz dərəcədə böyük sərvətin çıxdığı indi bəlli olub. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, generalın evindən çıxan nağd pulların çəkisi 1 tondan yuxarı olub.
General Syuy Tsayhou Çin liderinin 2012-ci ilin dekabrında başlatdığı antikorrupsiya kampaniyasında həbs olunan ən yüksək rütbəli məmurlardan biridir. İndiyədək Çin hakimiyyəti korrupsiyaya qarşı mübarizə çərçivəsində 74 min məmuru məsuliyyətə cəlb edib. Çin lideri bildirib ki, onun başlatdığı antikorrupsiya kampaniyası "həm pələngələri, həm milçəkləri” əhatə edəcək.
Generalın evindən çıxan pulların dollar ekvivalenti məlum deyil. Çində iri kupyurlar yoxdur və ən iri kupyur 100 yuandır. Bu da təxminən 16 dollara bərabərdir. 1 ton yüzlük yuan təxminən 100 milyon yuan, yəni 16 milyon dollar edir.
General evindən tonlarla pul çıxan yeganə korrupsioner deyil. Bu ilin mayında hüquq-mühafizə orqanları Dövlət Energetika Komissiyasının yüksək vəzifəli rəsmisi Vey Penyuanın evindən 200 milyon yuan tapmışdı. Bu pulları saymaq üçün 16 pulsayan maşından istifadə olunub, maşınların 4-ü yüklənməyə dözməyərək yanıb.
Həmçinin Çinin dövlət su şirkətinin rəhbəri Ma Çaotsyunun evindən 100 milyon yuandan çox nağd pul və 37 kiloqram qızıl tapmışdı. Bütün bunlar çinli korrupsionerlərin təkcə evlərindən tapılan nağd pullar və qızıllardır. Məlumdur ki, Çin məmurları oğurladıqları pulların böyük hissəsini xarici offşor hesablara köçürüblər və ölkədən çıxarıblar.
.