Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin bıçaqlanması faktı ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rafiq Abbasov rayon polis idarəsinə gələrək daxili iclas keçirib.
Virtualaz.org saytının məlumatına görə, general-mayor Rafiq Abbasov cinayət axtarış idarəsinə və əməliyyatçılara hadisəni törədən şəxslərin tapılması istiqamətində intensiv fəaliyyət göstərməyi tapşırıb.
Polis əməkdaşının bıçaqlanmasını və hadisənin törədənlərin hələ də tapılmamasını neqativ hal kimi qiymətləndirən Rafiq Abbasov nazir Ramil Usubov tərəfindən yeni təyin edilən idarə rəisi Namiq İsmayılovu kollektivə təqdim edib.
Qeyd edək ki , Namiq İsmayılov bundan əvvəl Abşeron Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. General Abbasov yeni rəisə Anar Şıxəliyevə 3 bıçaq vuran şəxslərin həftənin sonuna qədər tapılmasını tapşırıb.
Xatırladaq ki, Binəqədi RPİ 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev iyunun 20-də gecə saat 01:00 radələrində Xutor qəsəbəsində dostunun "Mercedes Gelеndavagen” markalı avtomobilini idarə edən zaman naməlum şəxslər "Niva” və "Opel” markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Avtomobildən düşənlər taxta dəyənəklə "Gelеndevagen”in bütün şüşələrinin sındırdıqdan sonra rəisi bıçaqlayıblar.
İlkin məlumata görə, bölmə rəisinin dostuna görə bıçaqlandığı bildirilsə də sonradan yayılan xəbərdə hadisəyə A.Şıxəliyevin avtomobili idarə edərkən yolu bağlaması və telefonla danışmasının səbəb olduğu deyilirdi. Bundan qəzəblənən "Opel” markalı avtomobildən düşənlər onunla əlbəyaxa olublar. Nəticədə rəis bıçaqlanıb.
.
