ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri, bu günlərdə Bakıda səfərdə olmuş general Paul Selva "Defence News” nəşrinə müsahibəsində Əfqanıstandan çıxarılan Amerika qoşunlarının daşınması üçün ən effektiv dəhlizin Azərbaycandan keçdiyini deyib.
Virtualaz.org saytı xəbər verir ki, general Selva Əfqanıstandan daşınan minlərlə hərbi texnikanın, canlı qüvvənin və nəqliyyat vasitələrinin ABŞ-ın Avropadakı hərbi bazalarına daşınması əməliyyatına komandanlıq edir.
Paul Selva deyib ki, Əfqanıstandan çıxarılan qoşunların və hərbi texnikanın daşınması üçün Rusiyanın da daxil olduğu şimal paylayıcı şəbəkəsindən də istifadə olunur. Lakin hazırda Rusiya ilə münasibətlər gərgin olduğu üçün Əfqanıstandan çıxarılan hərbi yüklər və canlı qüvvə Türkmənistan, Tacikistan, Azərbaycan, Gürcüstan və bir çox digər ölkələrin daxil olduğu marşrutla daşınır.
"Biz Azərbaycanın hava məkanından istifadə icazəsi almışıq. Həmçinin yüklər qatarla Azərbaycan və Gürcüstan vasitəsilə daşınır. Hazırda bu marşrut şimal paylayıcı şəbəkəsinin ən effektiv marşrutudur” - deyə general bildirib.
Paul Selva deyib ki, Əfqanıstandan çıxarılan canlı qüvvə C-17 "Herkules” hərbi-nəqliyyat təyyarələri ilə daşınır. Bu təyyarələr hər reysdə 500-ə yaxın hərbçi daşıya bilir. Təyyarələr canlı qüvvəni daşımaq üçün xüsusi təchiz olunub. Hərbi texnika isə əsasən dəmir yolu ilə, habelə gəmilərlə və təyyarələrlə daşınır.
.
