
Yaz-yay aylarında gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Buna səbəb, xüsusilə, oğlanların ideal bədən quruluşuna sahib olub, digərlərindən fərqlənməkdir. Təbii ki, bunun üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək də mümkündür. Belə ki, gənclər protein tərkibli preparatlardan istifadə etməklə, qısa zamanda istəklərini reallaşdıra bilirlər.
Paytaxtımızda protein-dərmanların reklamına tez-tez təsadüf edirik. Daha çox gənclərin toplaşdıqları məkanlarda asılan belə reklamların üzərində iri cüssəli adam şəkli təsvir olunur. Bunun kimi cəlbedici reklamları görən oğlanların istər-istəməz protein-dərmanlara qarşı marağı artır. Protein tərkibli preparatları əldə etmək isə olduqca asandır. Çünki belə preparatlar apteklərdə həkim resepti olmadan satılır. Qeyd edək ki, əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır.
"Birmənalı şəkildə tövsiyə edilmir"
Əksər hallarda özbaşına qəbul edilən protein-dərmanlar bir çox hallarda insan sağlamlığına ziyan vurur. Bu sözləri həmsöhbət olduğumuz mütəxəssislər də təsdiqlədilər. Onlar protein-dərmanlardan hər hansı şəkildə istifadə etməməyi məsləhət gördülər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı bildirdi ki, satışda bu cür preparatların saxtaları geniş yayılıb. Onun sözlərinə görə, dünyada dərman vasitələrinin 40 faizi saxtalaşdırılıb. O, ölkəmizdə bu göstəricinin 35-40 faiz arasında dəyişdiyini də söylədi. E. Hüseynov istehlakçı hüquqlarını qoruyan əksər qurumların birmənalı şəkildə bu preparatları tövsiyə etmədiklərini dedi: "Çünki belə preparatlar qorxulu hormonal tərkibə malikdirlər".
Dərmandır, yoxsa qida əlavəsi?
E. Hüseynov insan orqanizmini gücləndirən və yaxud arıqladan protein preparatlarını ev distribüterliyi vasitəsilə əldə etməməyi məsləhət gördü: "Bəzən belə dərmanlar ev şəraitində satılır". Birlik sədri bunu bir neçə il əvvəl məsələ ilə bağlı onlara gələn şikayətlərlə əsaslandırdı: "Daxil olan şikayətlərdə proteinlərdən istifadə edən vətəndaşların dünyasını dəyişdiyi qeyd edilirdi".
Həmsöhbətim protein istehsalçılarının məhsullarını satmaq üçün hiyləyə əl atdıqlarını da bildirdi. Belə ki, Eyyub müəllimin sözlərinə görə, protein tərkibli preparatlar bəzən dərman, digər hallarda isə qida əlavələri adı altında satışa çıxarılır: "Bu amil proteinlərin keyfiyyətinə hansı qurumun nəzarət edəcəyini qeyri-müəyyən hala gətirir".
Qaraciyərdə yağlanma, böyrəkdə isə daş əmələ gətirir
"Panto Vita" Tibb Mərkəzinin terapevt-həkimi Habil Hüseynov proteinləri tərkiblərinə görə üç qrupa ayırdı: "Vitaminlərlə zəngin olan, vitaminsiz və saxta olanlar". H. Hüseynov saxta proteinlərin hormonal tərkibli olduğunu bildirdi ki, bu da sağlamlıq üçün ciddi təhlükə mənbəyidir: "Belə proteinləri yumurtadan çıxarırlar".
Terapevt-həkim proteinlərdən daha çox artıq gücə tələbatı olan idmançıların istifadə etdiklərini nəzərə çatdırdı. Bu kateqoriyaya isə bodibildinqçiləri aid etmək olar. O, dedi ki, orqanizm proteini lazımı şəkildə həzm edə bilmədiyi təqdirdə mübadilə prosesi pozulur və bu bir sıra ciddi fəsadlara yol açır. H. Hüseynov fəsadlar dedikdə, qaraciyərin yağlanmasını və böyrək daşının yaranmasını misal çəkdi.
Piylənmə də yaradır
H. Hüseynov proteinlərin qida əlavələri kimi göstərilməsinə rəğmən, həmin preparatların real qidanın əvəzini vermədiyini diqqətə çatdırdı. Terapevt-həkim proteinlərin daha bir mənfi cəhəti kimi onların insanda piylənmə əmələ gətirdiyini vurğuladı: "Bu, proteindən uzun müddət qəbul olunduqda baş verir". Sonda müsahibimiz qəti şəkildə proteinlərdən istifadə etməməyi məsləhət gördü. Onu da qeyd edək ki, bir sıra mütəxəssislər proteinlərin cinsi zəiflik yaratdığını da bildirirlər.
Həkimin fikrincə, trenajor zallara getməklə yanaşı, protein qəbul edən gənclər istənilən halda, bunu məşqçinin nəzarəti altında həyata keçirməlidirlər. Bu, ən azından sağlamlığı risk altına atmamaq baxımından önəmlidir.
Onu da bildirək ki, protein preparatları apteklərdə müxtəlif qiymətlərə satılır. Qiymətlərə gəlincə isə, bahalı proteinləri 30-90 manata almaq olar. Nisbətən ucuz proteinlər isə 10-15 manata satılır.
"Zaman Azərbaycan"
.