Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxs zərərsizləşdirilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həmin şəxs saxlanılaraq Polis İdarəsinə aparılıb.
Hazırda evdə axtarış aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov APA-ya həmin şəxsin danışıqlar yolu ilə fikrindən daşındırıldığını deyib. F. Şabanov qeyd edib ki, həmin şəxs artıq həbs edilib, onun bu hərəkəti hansı məqsədlə törətdiyi aydınlaşdırılır.
Polis rəisi, bəzi KİV-də zərərsizləşdirilən şəxsin beş polis əməkdaşını girov götürməsi barədə məlumatları isə təkzib edib.

***

13:15

Gəncədəki gərginliklə bağlı yeni məlumat almışıq. Yerli mənbələrdən aldığımız xəbərə görə, əlində qumbara olan şəxs polisləri hansısa qapalı məkanda girov saxlamayıb. Sadəcə əlindəki qumbara ilə hədələyərək polsilərin hərəkət etməsinə imkan verməyib. Lakin bir qədər sonra həmin şəxsi polisləri hədə altında saxlamağa son qoymasına inandırmaq mümkün olub və polislər onun təhdidi altından uzaqlaşıblar.

APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, bu gün saat 12.20 radələrindən etibarən Gəncənin Dədə Qorqud küçəsində yerləşən beşmərtəbəli binanınüçüncü mərtəbəsində orta yaşlı kişi əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb.

Onunla yanaşı,evdə bir qadının da olduğu bildirilir. Həmin şəxs əlində qumbara tutaraq evdə olan qadınla bərabər balkona çıxır və qışqıraraq evi partladacağını bəyan edir.

Hazırda polis əməkdaşları evi mühasirəyə alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri görülür. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, şəhər prokuroru da hadisə yerinə gəlib.

***

13:01

Son məlumata görə, Dədə Qorqud küçəsi, 50 ünvanında 33 saylı mənzildə 1 kişi 1 qadını girov götürüb.

Virtualaz.orgsaytı "Kəpəz” TV-yə istinadən bildirir ki, şəxsiyyəti hələ müəyyən olunmayan kişi əlində qumbara balkoina çıxaraq əgər tələbləri yerinə yetirilməsə, girov götürdüyü şəxsi partlatmaqla hədələyib.

Hal-hazırda həmin kişinin bu mənzilin sahibi olub-olmadığı və onun bu qadınla nə əlaqəsinin olmağı araşdırılır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Sakinlərə binaya giriş qadağan edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları girovu azad etmək üçün həmin kişi ilə danışıqlar aparırlar.

***

12:49

Gəncədə dramatik anlar yaşanır. Yerli mənbələrdən aldığımız xəbərə görə, şəhərin "Zabitlər evi” səmtində bir nəfər əlində qumbara ilə hədələyərək 5 nəfər polisi girov saxlayır.

Yenizaman.az azadliq.info-ya istinadən xəbər verir ki, hazırda Gəncə polisi və Daxili Qoşunların əsgərləri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Həmin şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat qurulur. Deyilənlərə görə, polisləri girov saxlayan vəhhabi təriqətinin üzvlərindəndir.

Hadisənin təfərrüatları haqda hələlik məlumat ala bilməmişik. Baş verənləri diqqətda saxlayacağıq. Bizi izləyin.

.