Gədəbəy rayon icra başçısının birinci müavini Qüdrət Paşayev onu rüşvət tələb etməkdə ittiham edən sahibkarı "böhtançı” adlandırıb.
Q.Paşayev ucnoqta.az saytına açıqlamasında Oqtay Əliyev adlı şəxsin onun və rayon icra hakimiyyətinin digər rəhbər şəxslərinin barəsində neçə vaxtdır KİV-lərə göndərdiyi şikayət məktublarında deyilənlərin böhtan olduğunu deyib.
Qeyd edək ki, Gədəbəy rayonunda yaşayan iş adamı Oqtay Əliyev "Qafqazinfo” saytına rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovdan şikayət göndərib. Şikayətdə iddia olunurdu ki, rayon icra hakimiyyətinin rəhbərliyi ona Qalakənd kəndinin yaxınlığındakı meşəlik ərazidə turizim obyekti tikməyə icazə verməyib və bu ilin iyul ayında obyekti sökdürüb. Şikayətçinin iddiasına görə obyekti tikmək üçün onun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi Departamentindən sənədi olub. O.Əliyev rayon icra başçısının müavini Qüdrət Paşayevin ondan obyektin tikintisi üçün əvvəl 150 min, daha sonra 100 min dollar rüşvət istədiyini, bu pulu vermədiyi üçün obyektinin söküldüyünü deyib.
ucnoqta.az bu iddia ilə bağlı Gədəbəy rayon icra başçısının birinci müavini Qüdrət Paşayevlə əlaqə saxlayıb. Qüdrət Paşayev açıqlamasında deyilənləri birmənalı təkzib edib:"O adamın özünə sual vermək lazımdı ki, gedib meşə sahəsində qanunsuz, heç bir icazə olmadan pansionat tikməyə sənə kim icazə verib?Əvvəla, söküntü biz tərəfdən yox, meşə idarəsi tərəfindən aparılıb. Sonra da ki, onun əlindəki sənədə baxın, orda da əsaslı tikinti aparmağa icazə verilməyib.Mən onu iki dəfə prokurorluğa vermişəm. Birində rayon Prokurorluğundan mənə cavab gəlib ki, onun səninlə bağlı rüşvət istəmə iddiası sübuta yetmədi. Mən də dərhal yazmışam ki, məni ağır cinayətdə ittiham edərək böhtan atdığına görə həbs olunmalıdı. Mən onun böhtançı kimi həbs olunmağını istəyirəm. Mən o məsələni qaldırmışam, rayon prokurorluğunda hal-hazırda iş gedir”.
O.Əliyevin sənəd kimi təqdim etdiyi və Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən alınan icazədə göstərilir ki, həmin şəxs meşə fonduna daxil olan ərazidə ancaq yüngül konstruksiyalardan ibarət obyekt quraşdıra bilər və əsaslı tikinti apara bilməz. Rayon İcra Hakimiyyətindən isə deyirlər ki, bu şəxsin şikayətinə əlavə etdiyi fotolarda da göründüyü kimi o, əsaslı tikinti aparıb və meşə idarəsi müqavilə şərtlərinin pozulduğunu görərək obyektin sökülməsinə qərar verib.
.