Ukraynaya ayrıca təhlükəsizlik zəmanətinin təmin edilməsinə dair sənəd G7 üzvləri tərəfindən təsdiqlənib.
Bunu Yaponiya Baş naziri Funmio Kişida Vilnüsdə NATO ölkələri və Ukrayna Prezidentinin görüşündən sonra G7 liderlərinin brifinqində deyib.
“Bu sənəd Ukraynanı dəstəkləmək niyyətində olan bütün ölkələr üçün açıq olacaq və ümid edirəm ki, bu sənədə daha çox ölkə qoşulacaq. G7 ölkələri qətiyyətli şəkildə Ukraynanın yanında olmağa davam edəcək”, - Kişida qeyd edib.
Bayden: Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq
Bu sənəd vasitəsilə G7 ölkələri bəyan edir ki, bizim Ukraynaya dəstəyimiz gələcəkdə də davam edəcək.
Bunu ABŞ Prezidenti Co Bayden Vilnüsdə NATO ölkələri və Ukrayna Prezidentinin görüşündən sonra G7 liderlərinin brifinqində deyib.
“Biz Ukraynaya havada, dənizdə və quruda güclü müdafiə yaratmağa dəstək verəcəyik. Mən G7 liderlərinə və Ukrayna Prezidentinə təşəkkür edirəm. Hesab edirəm ki, bu, özünü müdafiə edən Ukraynaya sadiqliyimiz ifadə edən güclü bəyanatdır. Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq”, - Bayden qeyd edib.
Zelenski: Litvadan evə Ukrayna üçün vacib olan təhlükəsizlik qələbəsi ilə geri dönürük
NATO-nun Vilnüsdəki sammitinin nəticələri Ukrayna üçün uğurludur, vacibdir və mənalıdır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderləri ilə birgə Vilnüsdə keçirdiyi brifinqdə deyib.
“Mən NATO ölkələrinin liderlərinə praktiki yardıma və indiyə qədər qeydə alınmış dəstəyə görə çox minnətdaram. Bu gün Ukraynanın NATO-ya gedən yolunda təhlükəsizlik zəmanəti paketi barədə razılaşma oldu. Bu gün biz G7 ölkələri ilə təhlükəsizlik zəmanəti ilə bağlı çərçivə formalaşdırırıq. Bu çərçivə vacib tərəfdaşlarla razılaşmalar və müqavilələrlə daha da genişləndiriləcək. Nümayəndə heyətimiz evə Ukrayna üçün, xalqımız üçün vacib olan təhlükəsizlik qələbəsi ilə geri dönür”, - Zelenski qeyd edib.
.
