Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının apellyasiya şikayətləri üzrə iki məhkəmə prosesi keçirilib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə F.Qəhrəmanlının girov müqabilində azadlığa buraxılmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayət təmin edilməyib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə isə F.Qəhrəmanlının həbs müddətinin uzadılması ilə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb və təmin olunmayıb.
Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb. Həmçinin, F.Qəhrəmanlının girov müqabilində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Vəsatət təmin edilməyib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib və idarənin təqdimatı ilə Nəsimi Rayon Məhkəməsində barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.
bizimyol.info
.
