
Parisin şərqində insanların girov götürülməsində şübhəli bilinən Həyat Bumeddyen adlı qadın çox güman ki, Suriya ərazisindədir.
Gazeta.ru xəbər verir ki, bu barədə Türkiyə xüsusi xidmətində çalışan yüksək rütbəli zabit bildirib. O, Bumeddyenin yanvarın 2-də İstanbulda sərhədi keçməsi barədəki məlumatı təsdiqləyib.
"Nə xüsusi xidmət, nə də hökumət onun barədə bizə xəbərdarlıq etməyib. Yalnız yanvarın 8-də terrorçu qadın barədə xəbər gəldikdən sonra biz onun mobil telefonundan gələn siqnalı nəzarətə götürdük. Biz onun hazırda Suriyada olduğunu düşünürük” - deyə mənbə qeyd edib.
Qeyd edək ki, Fransa polisi ölkədə iki gün ərzində baş verən terror hücumlarında 17 nəfəri öldürmüş silahlıların cinayət yoldaşlarını axtarır. Axtarılanlardan biri supermarketdə girov əməliyyatı zamanı öldürülən Amedi Kulibalinin həyat yoldaşı Həyat Bomeddiynedir.
Kulibali supermarketdə olarkən H.Bomeddyenin əri ilə birlikdə olduğu deyilir. Polislər ərini zərərsizləşdirə bilsələr də qadın hadisə yerindən qaça bilib. Gənc qadının da əri kimi silahlı və təhlükəli olduğu bildirilir.
Qeyd edək ki, qaradərili fransız, 32 yaşlı Amedi Kulibali 9 yanvarda Parisdə supermarketdə 20-dək insanı girov götürərək Kuaşi qardaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı terrorçu öldürülüb. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu öldürməyə fürsət tapıb.
Fransalı terrorçu Amedi Kulibali ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib. Terrorçu zərərsizləşdirilməmişdən əvvəl jurnalistlərə önəmli açıqlamalar verib. O, "Charlie Hebdo" redaksiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini bildirib.
