Fransanın məşhur idman telekanalı olan "Canal+ Sport” azərbaycanlı iş adamı, nəqliyyat naziri Ziya Məmmədovun şəriki və "Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovla bağlı 25 dəqiqəlik reportaj verib.
Reportajda H.Məmmədovun Fransanın "Lans” futbol klubunu hansı imkanlar hesabına maliyyələşdirdiyi araşdırılıb. Telekanal bu mövzuda H.Məmmədovdan, "Lans” klubunun üzvlərindən və Azərbaycanın araşdırmaçı jurnalisti Xədicə İsmayıldan alınan müsahibələri təqdim edib. Gizli çəkilmiş kadrların da yer aldığı reportajda qeyd olunur ki, H.Məmmədov Azərbaycanda beş sözükeçən adamdan biridir, 40-dan çox şirkətin sahibidir. Fransalı jurnalistlər onun belə böyük biznesə necə yiyələnə bildiyinə dair suallara cavab axtarıblar.
Reportajda H.Məmmədovun şirkətlərinin fəaliyyətindən söz açılır, hakim ailənin onu bütün biznes fəaliyyətlərində dəstəklədiyi deyilir. Bildirilir ki, H.Məmmədov hakim ailəyə yaxın şəxslərdən biridir.
H.Məmmədov gəlirlərinin mənbəyi barədə telekanalın sualına belə cavab verir ki, bunu
daha çox şansa, Tanrının yardımına bağlayardı.
Reportajda siyasi çalarlar da yer alır və Azərbaycan idarəçilik baxımından İran, Şimali Koreya ilə müqayisə olunur.
Reportajda H.Məmmədovun ondan müsahibə alan jurnalistlərə 16 min dollar dəyərində 2 qol saatı bağışladığı, jurnalistlərin imtinasını qəbul etmədiyi və hədiyyələri bir növ zorən verdiyi qeyd olunur və bildirilir ki, qol saatlarını məcburən qəbul edən jurnalistlər onları sonradan "Sərhədsiz reportyorlar” təşkilatına təhvil veriblər. "Sərhədsiz reportyorlar” bu saatları sataraq pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.
Reportajın sonunda Azərbaycanın mətbuat azadlığına görə dünyada aşağı yerlərdən birini tutuduğu da qeyd olunur.
