Fransa parlamentində iqçilik qalmaqalı yaşanıb.

BFMTV xəbər verir ki, fransalı sağçı millət vəkili qaradərili həmkarının parlament iclasında çıxışı zamanı “Afrikaya qayıt” deyə qışqıraraq onu təhqir edib.

"Milli Toplanış" partiyasının parlamentdəki təmsilçisi Qreqoire de Fournas parlamentin aşağı palatası olan Milli Assambleyanın iclası zamanı solçu "Əyilməz Fransa" (LFI) partiyasının nümayəndəsi Karlos Martens Bilonqonun sözünü kəsib.

Parlamentari Bilonqo Fransa hökumətini Aralıq dənizindən xilas edilmiş afrikalı miqrantlara kömək etmək üçün Aİ ölkələri, xüsusən də İtaliya və onun yeni seçilmiş Baş naziri Corca Meloni ilə əməkdaşlıq etməyə çağırıb. Bu zaman digər parlamentari de Fournas onun çıxışına müdaxilə edərək "Afrikaya qayıt" deyə çığırıb.
Parlamentdə xaos yaranıb və Milli Assambleyanın prezidenti Yael Braun-Pivet sessiyanı müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.
Bilonqo və onun təmsil etdiyi partiya bunu irqçi şəxsi hücum kimi qiymətləndirsələr də, de Fournasın partiyası sözügedən müdaxilənin əslində müzakirə olunan miqrantlar üçün nəzərdə tutulduğunu iddia edir.
"Bu gün bəzi insanlar bir daha mənim dərimin rəngini mübahisənin mərkəzinə qoyurlar. Mən Fransada anadan olmuşam və fransız millət vəkiliyəm. Bu gün Milli Assambleyada belə təhqir olunacağımı düşünmürdüm”, - Bilonqo hadisədən sonra jurnalistlərə deyib.
Milli Assambleyada solçu LFI qrupunun lideri Matilda Panot, de Fournasın bir fransız deputatı üçün ən ağır cəza - mandatına xitam verilməsi ilə üzləşməsini tələb edib. Panot tvitində "Onun kimi irqçilərə bizim parlamentdə yer yoxdur" yazıb.
De Fournas miqrantları nəzərdə tutduğunu söyləyib və LFI Partiyasının onu sözlərini "rüsvayçı manipulyasiya" məruz qoyduqlarını deyib.
"Mənim cavabım qayığa və miqrantlara aid idi, açıq-aydın həmkarıma aid deyildi".
Fransanın aşağı palatasındakı ifrat sağçı RN partiya qrupunun lideri Marin Le Pen tvitində de Fournası dəstəklədiyini bildirib.
“Siyasi opponentlərimizin yaratdığı polemika kobuddur və fransızları aldatmayacaq”, o tvitində yazıb.
Hadisəyə münasibət bildirən Fransa Baş naziri Elizabeth Borne, “demokratiyamızda irqçiliyə yer yoxdur”, deyə jurnalistlərə bildirib.
Bu gün Parlament iclas keçirərək de Fournasın cəzalandırılmasına qərar verəcək. Parlamentdən bir deputata verilən ən ağır cəza olan deputatlığa xitam verilməsi yalnız bir dəfə Fransanın Beşinci Respublikası dövründə kommunist deputat Maksim Qremetsə 2011-ci ildə parlament iclasını pozduğuna görə verilib.

Qeyd edək ki, Fransız fonetik qaydalarına görə, Qreqoire de Fournasın ifadə etdiyi kimi “O Afrikaya qayıtmalı” və “Afrikaya qayıtmalıdırlar” cümlələri arasında çox az səsli fərq var.

.