Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Türkiyənin məşhur serialı "Kurtlar Vadisi Pusu”da "vurulması” yenidən gündəmə gəlib. Qeyd edək ki, serialın 213-cü bölümündə Azərbaycanda Kəmaləddin adlı şəxsin öldürülməsi epizodu hələ də müzakirə mövzusu olaraq qalır. Aylar öncə yayımlanan bu bölümdə serialın qəhrəmanı Polat Ələmdar Kara adlı əməliyyatçını "Ixtiyarlar”ın Azərbaycandakı nümayəndəsini öldürən şəxsi və bu qətlin sifarişçisini tapmaq üçün Bakıya göndərir.
Bakıda Karaya bildirirlər ki, "Ixtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb. Serialdakı bəzi əlamətlər və Kəmaləddin adlı şəxsin təsviri bu obrazın fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğuna dair mülahizələrə yol açdı.
Serialda Kəmaləddin obrazının təsvirindən və onunla bağlı verilən məlumatlardan sonra Kara həmin şəxsi öldürmək üçün hazırlıqlara başlayır və bundan sonra olayların baş verdiyi ərazinin Kəmaləddin Heydərovun kurasiyasında olduğu bildirilən Qəbələnin relyefinə bənzədiyi açıq-aşkar görünür. Karanın həyata keçirdiyi əməliyyat nəticəsində Kəmaləddin həmin ərazidə ona məxsus olan Limonad sexində öldürülür. Serialdakı bu epizoda da Kəmaləddin adlı şəxsin prototpinin əslində kim olduğuna açıq işarə vurulur.
Hər dəfə "Kurtlar Vadisi Pusu”dakı hadisələrin uydurma, serial rəhbərliyinin təxəyyülünün məhsulu olduğu bildirilsə də, sirr deyil ki, bu serial vasitəsilə cəmiyyətə bir sıra siyasi mesaclar ötürülür, ola biləcək hadisələrin təxmini anonsu verilir. Kəmaləddin Heydərovun serialda "vurulması” ilə bağlı müxtəlif məlumatlar, mülahizələr yayılıb. "Yeni Müsavat” da dünənki sayında bu məsələ ilə bağlı ilginc xəbər dərc edib. Xəbərdə bildirilir ki, Kəmaləddin Heydərov "Kurtlar Vadisi Pusu”da sırf Azərbaycandan verilən sifariş əsasında vurulub. Məlumatda sifarişi verən tərəf kimi K.Heydərovla münasibətləri gərgin olan nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anar Məmmədovun adı çəkilir. Bildirilir ki, Anar Məmmədov illərdir böyük paralar xərclədiyi Türkiyənin sənət adamları vasitəsilə "Kurtlar Vadisi Pusu”nun baş qəhrəmanı olan Polat Alemdar obrazını canlandıran Necati Şaşmazla bu barədə anlaşma əldə edib. Kəmaləddin obrazı, onun Rusiyanın adamı kimi təqdim edilməsi və öldürülməsi epizodları da məhz bundan sonra seriala yol tapıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Qeyd edək ki, Kəmaləddin Heydərovun "vurulduğu” həmin bölümlər yayımlananda "fövqəlnazir”lə dostluq münasibətlərini gizlətməyən yazıçı-deputat Aqil Abbas məqalə ilə çıxış etmişdi. O, bunu Azərbaycana qarşı sayğısızlıq kimi qiymətləndirmişdi. Bu baxımdan Aqil Abbasın da yayılan xəbərlə bağlı fikirlərini öyrəndik. Deputat "Azadlıq”a açıqlamasında bildirdi ki, o, Kəmaləddin Heydərovun serialda Azərbaycandan, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovdan gələn sifariş əsasında "vurulmasına” inanmır: "Bu söhbətlərə inanmıram. Həmin serial siyasi mahiyyət daşıyır. Ərdoğanın siyasətini müdafiə edir. Və serialda ara-sıra Azərbaycanla bağlı da neqativ məqamlar olur. Bir dəfə də olmuşdu, onda da etirazımı bildirmişdim. Yeri gəlmişkən, bu dəfə də mən konkret olaraq kimisə müdafiə etmək məqsədilə deyil, sadəcə Azərbaycana qarşı sayğısızlıq olunmasına qarşı məqalə ilə çıxış etmişdim”.
.