Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından 19 il ötür.
Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Geridə qalan 19 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasını uğurla təmin edib.
FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil məktəbləri ilə müqavilələr bağlanıb. Bundan başqa Prezidentin müvafiq Sərəncamı ilə 2008-ci ildə FHN Akademiyası yaradılıb. Akademiya Nazirliyin zəruri maddi-texniki bazası ilə təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev FHN-in maddi-texniki bazasının gücləndirilməsi, ən müasir texnika, avadanlıq və mexanizmlərlə təchiz olunmasına xüsusi diqqət göstərir. Dövlət başçısı 2022-ci il dekabrın 9-da işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla tanış olub. Azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” və “İveco” markalı olmaqla 150 yanğınsöndürən avtomobil alınıb.
.