Dünyanın ən məşhur jurnallarından biri, ABŞ-da işıq üzü görən "Foreign Policy” ("Xarici siyasət”) jurnalı cari buraxılışında dünya şöhrətli fotoqraf Ed Kaşinin çəkdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin təsirli fotolarını dərc edib.
Fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) təşkilatçılığı ilə həyata keçirilən "Həyata keçməyən arzullar” layihəsinin nəticəsidir. 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həllini tapmamış Qarabağ münaqişəsinin hələ də davam etməkdə olan qurbanlarıdır.
Virtualaz.org saytı AAC-yə istinadən xəbər verir ki, Ed Kaşi 2012-ci ildə AAC-nin dəvəti ilə Azərbaycana səfər edərək dörd düşərgədə qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkmişdir.
3,5 milyon onlayn oxucusu olan "Foreign Policy”jurnalının "İnbox” bölməsində dərc edilən və fotojurnalistikanın görkəmli nümunələrini ön plana çıxaran məqalədə deyilir: "Hazırda Dağlıq Qarabağ Ermənistan işğalçı qüvvələrinin işğalı altındadır. Hərbi işğal və itkilər münaqişənin nəticələrindən çox uzaqdır. Azərbaycan dünyada sayına görə ən çox qaçqın və məcburi köçkünə malik ölkədir”.
"Foreign Policy” jurnalında dərc olunan fotolar AAC nümayəndəliklərinin yerləşdiyi şəhərlərə səyahət edən 50 fotodan sadəcə 5-idir. "Həyata keçməyən arzular” sərgisi artıq London və Parisdə öz izləyiciləri ilə görüşüb və gələcəkdə Berlin, Brüssel və İstanbulda da səfərdə olacağı planlaşdırılır.
Nyu-Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini çəkməyə sərf edib. "VII Foto” agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri "National Geographic”, "Newsweek”, "Time” və "The New York Times” kimi mətbu orqanlarda dərc olunub.
Ed Kaşi digər mükafatları ilə yanaşı 2011-ci ildə "World Press Photo” müsabiqəsinin qalibi, 2010-cu ildə isə ilin "UNİCEF Photo” mükafatçısı olub və "Prize Pictet” qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 fotokitabı dünyanın dörd bir yanını dolaşıb, "Fotojurnalistika” adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.
.
