Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.09.2024 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.
ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatında verdiyi məlumata görə, qeyd olunan göstərici 58.9% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2023 tarixinə - 68.1%) ilə 9.2 faiz bəndi azdır.
Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 20%-i "AA" reytinqli, 12.9%-i "A" reytinqli, 7,9%-i "BBB" reytinqli, 0,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 13.1%-i 0-1 il ( ilin əvvəli ilə müqayisədə 10.9 faiz bəndi azalma) 29.3%-i 1-3 il (3.3 faiz bəndi artım), 26.3%-i 3-5 il (3.7 faiz bəndi artım), 31.3%-i isə 5 ildən artıq (1,1 faiz bəndi artım) müddətinə yerləşdirilib.
Bununla yanaşı, ARDNF 30.09.2024 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
İnkişaf etmiş ölkələr üzrə bu göstərici 66.2% (ötən ilin sonuna olan göstərici ilə müqayisədə 1.4 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 9% (5.4 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,1% təşkil edib (1.7 faiz bəndi azalma). Sərmayələrin qalan 17.7%-i qızılın payına düşüb (5.7 faiz bəndi artım).
Qeyd etmək lazımdır ki, 31.12.2023 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 64.8%, 14.4%, 8,8% və 12% səviyyəsində olublar.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 61 190,8 mln. dollara çatıb.
.