
Ukraynanın uğursuzluğu Avropa ilə yanaşı, ABŞ-ni də zəiflədər.
Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib.
O qeyd edib ki, Münxendə onların vəzifələri təkcə bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil, həm də onu formalaşdırmaqdır:
"Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".
ABŞ-nin tətbiq etdiyi tariflərə gəldikdə isə Avropa Komissiyasının sədri bunu əsassız adlandıraraq vurğulayıb ki, Avropa İttifaqına tətbiq edilən əsassız tariflər cavabsız qalmayacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb.
Avropa İttifaqı (Aİ) Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır.
TASS xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"Biz Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün işimizi aktivləşdiririk. Biz artıq əhəmiyyətli irəliləyişə nail olmuşuq. Amma indi milli büdcələrin xərc imkanlarını artırmaq, ümumi Avropa layihələri üçün maliyyələşməyə malik olmaq və Ukraynanın üzvlük prosesini sürətləndirmək yeni Avropanın hədəfləri olmalıdır", - o qeyd edib.
Ukraynadakı münaqişədən danışan AK sədri bildirib ki, Avropa İttifaqı güc vasitəsilə sülhə nail olmaq istəyir. "Ukraynaya güc vasitəsilə sülh lazımdır. Avropa güc vasitəsilə sülh istəyir", - o vurğulayıb.
.