“Bizim ehtiyat planımız yoxdur”.
 
Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.
 
O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
 
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Azərbaycan millisinin DÇ-2022-də rəqiblərinin bəlli olacağı vaxt dəqiqləşib

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma tarixi müəyyənləşib.
 
Tədbir dekabrın 7-də baş tutacaq.
 
Bunu FİFA açıqlayıb. Koronavirus pandemiyası və tədbirlərlə bağlı məhdudiyyətlər üzündən püşkatma onlayn rejimdə təşkil olunacaq. Assosiasiya nümayəndələri püşk zamanı mərasimə qatılmayacaq.
 
Azərbaycan millisi də daxil olmaqla, Avropanın 55 yığması püşkatmada 10 qrupa bölünəcək. Bunların beşində 6, beşində 5 komanda olacaq. İki dövrədən ibarət dairəvi sistemlə keçiriləcək oyunlardan sonra 10 qrup qalibi DÇ-2022-yə yüksələcək. İkinci yer sahibləri pley-offa iştirak edəcək. Bu 10 komandaya Millətlər Liqasından gələcək iki komanda da qoşulacaq. 12 yığma son üç vəsiqənin sahibini müəyyənləşdirəcək.
 
Qeyd edək ki, seçmə mərhələ 2021-ci ildə keçiriləcək.

.