FIFA qurumun sabiq prezidenti Yozef Blatterə qarşı araşdırmanın dayandırılmaması xahişi ilə İsveçrə prokurorluğuna müraciət edib. "Le Mande" nəşri verdiyi məlumata görə, ali futbol qurumu günahkarların cəzalandırılması üçün hüquqi baxımdan bütün lazımi işləri görəcəyini bildirib.
Ötən ay "Associated Press" İsveçrə prokurorluğunun Blatterə qarşı iki işdən birini bağlamaq niyyətində olduğunu yazıb. Bu, 2010 və 2014-cü il dünya çempionatlarının teleyayım hüququnun satışına dair Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Federasiyası ilə sözləşmədə mümkün fırıldaqçılıqla bağlı iş olub. Aprelin 29-da agentlik İsveçrə hüquq-mühafizə orqanlarının hesabatlarından çıxarış edərək, müqavilə imzalanarkən Blatterin təşkilati maraqlara zidd hərəkət etdiyini göstərib.
Qeyd edək ki, FIFA tarixində ən böyük qalmaqal 2015-ci il mayın sonlarında baş qaldırıb. Quruma prezident seçkisinə iki gün qalmış Sürixdəki oteldə ABŞ məhkəməsinin sorğusu əsasında bir neçə yüksək vəzifəli futbol məmuru korrupsiya şübhəsi ilə saxlanılıb. Həmin il Blatter FIFA Etika Komitəsinin Arbitraj Palatasının qərarı ilə 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevralında FIFA Apellyasiya Komitəsi bu müddəti 6 ilə endirib.
.