Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən “MKT İstehsalat Kommersiya” MMC-yə məxsus Yağ-Piy filialının dördmərtəbəli binasında “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən çoxmərtəbəli binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
.