Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 3-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

FHN əhalini gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.

Qeyd edilib ki, həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bununla yanaşı bildirilib ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunub.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.

.