Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirmə tədbirlərini davam etdirir.
FHN-dən verilən xəbərə görə, Xidmət tərəfindən Səbail rayonunda yerləşən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında, “Park Bulvar”, “Dəniz Mall”, “Nərgiz” və “Xəqani” ticarət mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb. Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.
.