“Sosial media şirkətlərinin hamısının Türkiyədə nümayəndəliyi açılır. Əks halda onlar sanksiyalara məruz qalır. Bunun üçün bu şirkətlərin hamısı Türkiyədə nümayəndəliklərini açmağa başlayıb”.

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrddin Altun bildirib.

O deyib ki, bunu dünyanın digər dövlətləri də etməlidir: “Türk dövlətlərinə çağırış edirəm ki, birlikdə yeni dönəmin imkanlarından faydalanaq. Bununla da qarşı-qarşıya olduğumuz hibrid təhdidlər mübarizə aparaq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycanın əməkdaşlığı bir daha göstərdi ki, əl-ələ verdiyimizdə heç nə və heç kim qarşımızda dura bilmir. Türkiyə və Azərbaycan arasında olan Ortaq Media Platformasını Türk Şurasına üzv digər ölkələrlə genişləndirməyi istəyirik. Bu platformada Kipr türklərinin də təmsil olunmasını istəyirik. Bununla bağlı bütün üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirməyi düşünürük. “Qarabağ Azərbaycandır!” deyərək, azərbaycanlı qardaşlarımızın sevincini bir daha bölüşürük”.

Fəxrəddin Altun: “Türk dünyasının yeni təhdidlər qarşısında birlik olması bir məcburiyyətdir”

“Türk Şurasının ilk zirvəsinin keçirilməsindən 12 il ötür. Ötən müddət ərzində Türk Şurası artıq dünyada önəmli bir platformaya çevrilib”. 

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrddin Altun bildirib. 

“Bugünkü dünya 12 il əvvəlki dünya deyil. Türkiyəyə qarşı təhdidlər oldu. Bu təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim Türk dünyası olaraq birlik olmağımız bir məcburiyyətdir. Bu, qardaşlığımızın tələbidir. Bu gün türklüyə təhdidlərin başında FETÖ durur. FETÖ virus kimidir. Bu virus türk dünyasının digər ölkələrinə də yayılıb”, - deyə F. Altun vurğulayıb.

O qeyd edib ki, hədəflərə koordinasiyalı şəkildə çatmağın yollarını axtarmaq lazımdır: “Min illərdir bizə aid olan ata torpaqlarımız turizm sahəsində dünyada əsas yerlərdən birini tutur. Şuşa və türk dünyasının digər şəhərlərinin, rayonlarının beynəlxalq turizm bölgəsinə çevrilməməsi üçün heç bir səbəb yoxdur. Bu iclas bunun üçün önəmli imkandır. Türk dünyasının da əsas problemlərindən biri dezinformasiyalarla mübarizədir. Bizim əsas məqsədimiz həqiqəti çatdırmaqdır. Şüarımız da “Yaşasın Həqiqətdir!”

.