"Təvhid-i salam” təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində türkiyəli dini lider Fətullah Gülən və Əmrə Uslunun da aralarında olduğu 122 şübhəli şəxs barədə ittiham aktı yekunlaşıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun da təsdiq etdiyi 10 min 529 səhifəlik ittiham aktı İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttiham aktında tələb edilir ki, fərari hesab edilən şübhəlilər barəsində qiyabi həbs qərarı çıxarılsın.

Fətullah Gülən, Əmrə Uslu və keçmiş polis rəisi Yurt Atayün isə silahlı terror təşkilatı yaratmaq və ya onu idarə etmək, siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrini əldə etmək, Türkiyə Cümhuriyyətini ləğv etmək, və ya onun işinə mane olmağa cəhd etmək, şəxsi həyatın toxunulmazlığını pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, dövlət təhlükəsizliyi ilə əlaqədar gizli məlumatların casusluq məqsədilə açıqlanması və s. cinayət əməllərini törətməkdə ittiham olunur.

Qeyd olunan cinayət əməllərinə görə isə prokurorluq onların ayrı-ayrılıqda iki dəfə ağırlaşdırılmış ömürlük həbs və 67 il 5 aya qədər həbs cəzasına məhkum edilməsini tələb edib.
.