"Özünü politoloq adlandıranlar fikirlərini sosial şəbəkələrdə paylaşmaqla kifayətlənməməlidir".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, müfəssəl araşdırmalar lazımdır.
"Baş verən hadisələrlə bağlı xarici dildə araşdırmalar az yazılır, çünki dil bilinmir. Amma deyərdim ki, Azərbaycan dilində araşdırmaların yazılmasında da boşluqlar var. Müharibədən əvvəl bir çox dərdimiz vardı. Müharibə bitdi o demək deyil ki, biz bu problemləri unutmalıyıq. Azərbaycanda bu yanaşmada müəyyən qədər problemlər var”,- deyə o əlavə edib.
Fərid Şəfiyev onu da qeyd edib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
"Bunu süni şəkildə dövlətin yaratdığını iddia edirlər. Deyirlər ki, necə oldu ki, elə indi gündəmə gətirildi. Əslində məsələ indi gündəmə gətirilməyib. Mütəmadi olaraq bu fikir səsləndirilirdi. Sadəcə olaraq ictimaiyyətin diqqətindən kənarda qalmışdı" - deyə o bildirib.
.
